Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kasıb dehqanın milyonçu marşal oğlu – dostunu, düşmənini tez-tez dəyişən Dostum

Adamın ad-soyadı iki cür yazılır: Abdulrəşid Dustum, Abdülrəşid Dostum.

Dostlarını və düşmənlərini 4-5 dəfə dəyişmiş Dostum Əfqanıstanın hərbi və siyasi xadimidir. Hazırda onun hərbi rütbəsi marşaldır.

Təsəvvür edin, dünyanın ən güclü ordusuna malik ABŞ-da marşal rütbəsi yoxdur və heç vaxt olmayıb (orada ən yüksək hərbi rütbə ordu generalı rütbəsidir), amma param-parça Əfqanıstanda marşal çini varmış və keçmiş vitse-prezident Dostum bu rütbəni daşıyırmış.

Amma işə bax ki, iki dəfə ölkəsinin “milli qəhrəmanı” fəxri adını alan (1986, 1988) bu “qoçaq” marşal və onun tabeçiliyindəki generallar “Taliban” hərəkatının pikaplarda gəzən, “Kalaşnikov” avtomatlarını göyə qovzayan, dinc sakinlərə tuşlayan vəhşi əsgərlərinin qabağından qaçaraq, ölkəni tərk ediblər. Dostum Məzari-Şərifdəki şah sarayına bənzər iqamətgahını “talib”lərə buraxaraq Özbəkistana keçib.

Keçmiş vitse-prezident sığınacaq üçün ona görə bu ölkəni seçib ki, etnik mənşə etdibarıyla özbəkdir. Daha dəqiqi, onun atası özbək, anası isə türkməndir. Ancaq o,verdiyi müsahibələrdə özünü “təmiz özbək” elan edir, türkmənliyini danır.

Gələcək general 1954-cü ilin martında Əfqanıstanın Cauzcan əyalətinin Şiberqan şəhəri yaxınlığındakı Xoca Du Kux qışlağında, kasıb dehqan ailəsində anadan olub. Kasıblıq üzündən o, təhsil ala bilməyib, yalnız bir neçə il dini mədrəsədə oxuyub, sonra onu da yarımçıq buraxmalı olub. Bununla belə, Dostum Şiberqanda SSRİ-nin təsis etdiyi qaz emalı zavodunda çalışarkən özünü iddialı aktivist kimi göstərməyi bacarıb. Hesab olunur ki, o, burda sovet mütəxəssisləri ilə sıx işbirliyində olub və sovet kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub. Hər halda 20 yaşlı gəncin siyasi xadim kimi parlaması elə-belə ola bilməzdi. 1973-cü ildə Əfqanıstan kralı Zahir şah devriləndə həmkarlar ittifaqının fəalı Dostum və onun tərəfdarları dövlət çevrilişini dəstəkləyib.

Çevrilişdən sonra Dostum və dostları hərbi işə cəlb olunublar, onlar “mütləqiqyyətin tör-töküntüləri”ni təmizləmək üçün yeni hökumətə kömək ediblər. Dostum energetiklərdən ibarət yerli silahlı dəstənin başçılarından biri olub və ətrafına daha çox döyüşçü və tərəfdar toplayıb. Bununla belə, o, antikommunist çıxışları ilə tanınan hakim partiyaya və puştunlardan ibarət milli-inqilabi partiyaya üzv olmaqdan imtina edib.

SSRİ-yə yaxın qüvvələr 1978-ci ildə Əfqanıstanda Aprel inqilabı etdikdən və Əfqanıstan Demokratik Respublikası qurduqdan sonra Dostum, bu gün “talib”lər tərəfindən tutulmuş Cəlalabadda və Kabulda hərbi təlim keçib, Əfqanıstanın Milli Təhlükəsizlik Naziriliyinin nəzdində çalışıb, Şiberqanın qorunmasına cavabdehlik daşıyıb. 1979-cu ildə o, Əfqanıstanı idarə edən hakim partiyaya, onun Babrək Karməlin lider olduğu mötədil qanadı “Parçam”a üzv olub. 1980-ci ildə Dostumu SSRİ-yə, oxumağa göndəriblər. O, Daşkənddə və Moskvada təhsil alıb, rus dilini və hərbi işi öyrənib.

Əfqanıstan müharibəsi illərində Rəşid Dostum əsasən özbəklərdən ibarət 53-cü diviziyanın komandiri olub, Əfqanıstan İslam Hərəkatı təşkilatına rəhbərlik edib və sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra prezident Məhəmməd Nəcibullanı dəstəkləyib və Əfqanıstanın federallaşması ideyasının tərəfdarı olub. 1992-ci ildə Dostum təxminən 2,5 milyon sakinin yaşadığı, paytaxtı Məzari-Şərif şəhəri olan bölgəni (Bəlx, Cauzcan, Fəryab və Gündüz) Əfqanıstandan ayırıb müstəqil dövlətə çevirərək idarə edib. Həmin bölgə “Dostumistan” adlanıb, öz hökumətinə, 65 min nəfərlik yaxşı təchiz olunmuş silahlı qüvvələrə, milli valyutaya malik olub.

Daha sonra general Dostumun müttəfiqlik-düşmənçilik büsatları tez-tez dəyişib. O, Nəcibulladan üz döndərib və onun düşməni Gülbəddin Hikmətyarla alyans qurub. Sonra “Taliban”la yaxınlaşıb Hikmətyarla vuruşub. Bir ara Dostum orezident Rəbbani və “Pəncşir aslanı” Əhməd şah Məsudla müttəfiq olub, “talib”lərlə savaşıb. 1995-ci ilin əvvəlində o, ata yurdu Özbəkistana gəlib, prezident İslam Kərimovla görüşüb. Onun bu hərəkəti ölkəsində mənfi qiymətləndirilib, hesab ediblər ki, Dostum başçılıq etdiyi bölgəni – “Dostumistan”ı Əfqanıstandan qoparıb Özbəkistana birləşdirmək istəyir.

1997-ci ildə “Dostumistan” süqut edib, “dövlət”in ikinci adamı Malikin xəyanəti üzündən bir neçə əyalət “Taliban”ın nəzarətinə keçib və general Dostum Türkiyəyə sığınıb. O bu ölkədə yaxşı qarşılanıb. Malik yenidən şimal alyansının tərəfinə keçəndən sonra Dostum da “Dostumistan”a qayıdıb, amma bir ildən sonra “talib”lər bölgəni yenidən işğal ediblər. Dostum bu dəfə Özbəkistana qaçıb.

2001-ci ilin 11 sentyabrında, Əfqanıstanı faktiki olaraq idarə edən Üsamə bin Ladenin əmrilə Nyu-York və Vaşinqtondakı binalar təyyarə taranı ilə darmadağın edildikdən sonra ABŞ Əfqanıstana müdaxilə edərək, “Taliban”ı ölkədən sıxışdırıb Tora-Bora mağaralarına doldurarkən Dostum ölkəyə qayıdıb, 2004-cü ildə ölkə prezidenti postuna seçkidə iştirak edib, 10 faiz səs alıb. Sonra Əfqanıstanın silahlı qüvvələrinin baş qərargah rəisi təyin edilib. 2008-ci ildə o, keçmiş müttəfiqi Əkbər Bəyə hücum etdikdən sonra vəzifəsindən götürülüb, sürgünə göndərilib. 2009-cu ildə o, yenidən ölkəsinə dönüb, ölkənin siyasi həyatında aktiv olub, yenidən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edilib. 2014-cü ildə prezident Həmid Kərzay Dostumu Əfqanıstanın 1-ci vitse-prezidenti təyin edib. O, ölkəsinin İŞİD-lə apardığı hərbi münaqişədə fəallıq göstərib.

2005-ci ilin yanvarında “taliblər” generalın həyatına sui-qəsd təşkil ediblər. Dostum məsciddə namaz qılarkən dilənçi qiyafətli terrorçu ona yaxınlaşmaq istəyib, ancaq mühafizəçilər kamokadzenin qarşısını kəsiblər və terrorçu özünü partladıb.

Dostum hərbi karyerasındakı uğurlara, marşal rütbəsi almasına görə sovet generalı Mahmud Qarayevə borcludur. Vaxtilə Nəcibullanın hərbi müşaviri olan özbək Qarayev bir gün prezidentə deyib ki, nəyə görə Dostum hələ də polkovnik rütbəsində gəzir. Bu sözə gülən Nəcibulla deyib ki, görürsüzmü, özbəklər bir-birini necə tutur. Bir neçə gündən sonra Dostuma general rütbəsi verilib.

2020-ci ildə isə o, Əfqanıstanın yeganə marşalı rütbəsinə layiq görülüb.

Onu tanıyanlar bildirir ki, Dostum qətiyyətli və çılğın adamdır. İndiyədək başının salamatlığını qoruması, Əfqanıstanda bir-birini əvəz edən hakimiyyət komandalarının “ütü”sündən sağ çıxması göstərir ki, Dostum həm də ağıllı və hiyləgərdir, təhlükəni öncədən duyur, özünü heç kəsin iradəsinin altına vermir, həyatını kiminsə bir kəlməsindən asılı qoymur. O, dəfələrlə ölkəsini tərk etməyə məcbur olub, sürgünə göndərilb, ancaq heç vaxt həbsə düşməyib.

Gələn informasiyalardan belə anlaşılır ki, son illərdə komfort şəraitdə yaşamağa alışmış, günü içki məclislərində keçən Abdulrəşid Dostum ölkəsinin ən varlı adamlarından biridir və tabeliyində minlərlə əsgəri saxlaya biləcək qədər imkanlı, nüfuzlu, xarizmatik şəxsiyyətdir.

"Taliblər" Dostumun Məzari-Şərifdəki sarayında

İndi onun öz iqamətgahını qoyaraq Əfqanıstandan qaçmasını qorxaqlıq kimi dəyərləndirənlər var. Amma durum belədir ki, Əfqanıstanda qüvvələr qeyri-bərabərdir. Ölkənin əsas etnik çoxluğu – puştunlar özbək Dostumu dəstəkləmir, etnik kökəncə yaxın saydıqları “talib”ləri dəstəkləyir. “Taliban”ın ard-arda və asanlıqla vilayət mərkəzlərini ələ keçirməsi, Kabulun həndəvərinə çatması göstərir ki, marşal onlara müqavimət göstərmək iqtidarında deyil. Pərən-pərən salınmış hökumət qüvvələri artıq “başlı-başını saxlasın” prinsipi ilə hərəkət edirlər.

İndi görək, 20 yaşından bəri başı siyasət qazanında, hərb meydanlarında qaynayan 67 yaşlı Dostum Əfqanıstana yenidən ağ atın belində qayıda biləcəkmi...

Xalid KAZIMLI (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar